OPALİZM

Opalizm akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki, insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut eyməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib.Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir.