Dekabrın 2-də Heydər Əliyev Mərkəzində Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədovun «Rənglər aləmində» adlı fərdi sərgisinin açılışı olub.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi sərgi Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan S.Məmmədovun 55 illik yubileyinə həsr olunub.
Azərbaycanın əməkdar rəssamı S.Məmmədova YUNESKO-nun Beynəlxalq Rəssamlar Assosiasiyasının ali mükafatı və Türkiyənin «Yedi Tepe» Universitetinin mükafatı təqdim edilib.
Fərdi sərginin açılışında iştirak edən hər kəsə təşəkkürünü bildirən S.Məmmədov qeyd edib ki, yaradılıcılıq illəri ərzində dünyanın müxtəlif sərgi mərkəzlərində nümayiş etdirilmiş bir çox əsər ərsəyə gətirib. Onun çəkdiyi Roma Papasının portreti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Vatikana hədiyyə edilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Avropa Parlamentinin binasında onun sərgisi açılıb.
Rəssam qeyd edib: «Bu gün sərgim bütün dünyada məşhur olan Heydər Əliyev Mərkəzində təşkil edilib. Buna ancaq sevinmək olar».