YARADICILIQ

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır. Sənətkar o zaman xoşbəxtdir ki, onun yaradıcılığı elə sağlığındaca layiqli qiymətini alır. Xoşbəxtliyi arzulamaq yox əldə etmək lazımdır. Bu mənada Sakit Məmmədovun sənətinə qibtə etmək olar.
Sakit Məmmədovun yaradıcılığına bələd olanlar bilirlər ki, o, çox zaman qəhrəmanların libaslarını da öz fantaziyası ilə «geyindirir». Bu rəsmdəki geyimlərdə isə bizə tanış olan dəbi görürük. Qeyd edək ki, rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir.